Sənaye istehsal xətləri yüksək texnologiyalı və mürəkkəb avadanlıqlarla təchiz olunur. Lakin ən keyfiyyətli maşınlar belə zamanla aşınmaya məruz qalır və bu, gözləniləndən daha tez, hətta ən əlverişsiz anda baş verə bilər.Sənaye istehsal xətləri yüksək texnologiyalı və mürəkkəb avadanlıqlarla təchiz olunur. Lakin ən keyfiyyətli maşınlar belə zamanla aşınmaya məruz qalır və bu, gözləniləndən daha tez, hətta ən əlverişsiz anda baş verə bilər.
Əgər istehsalat sahəsində çalışmısınızsa və ya sənaye avadanlıqlarının texniki xidməti ilə məşğul olan komandada yer almısınızsa, gözlənilməz dayanma hallarının yaratdığı çətinlikləri və ehtiyat hissələrinin təcili axtarışının nə qədər mürəkkəb olduğunu yaxşı bilirsiniz. Belə təcrübələr profilaktik texniki xidmətin niyə bir çox sənaye müəssisəsi tərəfindən effektiv həll yolu kimi qəbul edildiyini aydın göstərir.
Hətta bu cür hallarla birbaşa qarşılaşmamısınızsa belə, nasazlıqlara yalnız baş verdikdən sonra reaksiya verməyin əvvəlcədən planlaşdırılmış texniki xidmət sistemi ilə müqayisədə nə üçün daha az effektiv olduğunu anlamaq çətin deyil. Profilaktik texniki xidmət sistemləri nasazlıqların qarşısını almaq məqsədilə müntəzəm yoxlamaları, planlı təmir işlərini və hissələrin vaxtında dəyişdirilməsini nəzərdə tutur.
Nəticədə profilaktik texniki xidmət tətbiq edən müəssisələr daha az gözlənilməz problemlə üzləşir və avadanlıqlarının istismar müddətini uzada bilir.
Bu məqalədə fəaliyyətində rəqabət qabiliyyətini qorumaq istəyən müəssisələr üçün profilaktik texniki xidmətin altı əsas üstünlüyünü nəzərdən keçirəcəyik. Profilaktik texniki xidmət son məqsəd deyil, növbəti mərhələyə keçid vasitəsidir. Buna görə də vəziyyətin monitorinqinin sabit texniki xidmət cədvəlini avadanlığın real vaxt rejimində vəziyyətini izləməyə imkan verən sistemə necə çevirdiyini də izah edəcəyik.
Profilaktik texniki xidmət nədir?
Sadə dillə desək, profilaktik texniki xidmət ciddi nasazlıqlar baş verməzdən əvvəl onların qarşısını almaq üçün planlı texniki xidmət tədbirlərinə üstünlük verən yanaşmadır.Bu yanaşmanın əsas məqsədi avadanlığın etibarlılığını və əməliyyatların fasiləsizliyini təmin etmək, nasazlıq baş verəcəyini gözləməkdən və gözlənilməz dayanma nəticəsində yaranan xaosdan qaçmaqdır.
Profilaktik texniki xidmət strategiyasına müntəzəm yoxlamalar, yağlama, hissələrin dəyişdirilməsi və sistemlərin vəziyyətinin yoxlanılması kimi tədbirlər daxildir.
Bu işlər müəyyən edilmiş vaxt intervallarına, avadanlığın istifadə müddətinə və ya istehsalçının tövsiyələrinə əsasən həyata keçirilir. Məqsəd aşınmanın ilkin əlamətlərini aşkar etmək və planlaşdırılmamış dayanma hallarının qarşısını almaqdır.
Məsələn, kompressor hər 1000 iş saatından bir yoxlanılırsa və yoxlama zamanı onun qayışında çatlar aşkar edilirsə, qayış qırılmadan əvvəl dəyişdirilir. Bu, profilaktik texniki xidmət proqramının üstünlüyünü göstərir: problem ciddi nasazlığa çevrilməzdən əvvəl aradan qaldırılır.
Nasazlıq baş verdikdən sonra müdaxilə edən korrektiv texniki xidmətdən fərqli olaraq, profilaktik yanaşma istehsalat prosesi ilə gözlənilməz avadanlıq nasazlıqları arasında qoruyucu bir mərhələ yaradır.
Proqnozlaşdırıcı texniki xidmət kimi real vaxt məlumatlarına əsaslanmasa da, profilaktik texniki xidmət avadanlığın etibarlılığını artırır və xərclərə nəzarət etməyə kömək edir.
Profilaktik texniki xidmətdən istifadə etməyin 6 səbəbi
Profilaktik texniki xidmət avadanlığın fasiləsiz işləməsini, büdcənin qorunmasını və iş təhlükəsizliyini dəstəkləyir. İstər bir istehsal xəttini, istərsə də bütöv bir sənaye müəssisəsini idarə edin, bu yanaşmanın üstünlükləri qısa müddətdə özünü göstərə bilər.Gəlin profilaktik texniki xidmətdən istifadə etməyin altı əsas səbəbinə nəzər salaq.
1. Avadanlığın dayanma müddətinin azaldılması
İstehsalatda planlaşdırılmamış dayanma hallarının istehsalçılara orta hesabla saatda 260 000 ABŞ dollarına başa gəldiyi bildirilir. Bu da dayanma hallarının nə qədər baha başa gəldiyini göstərir. İstehsal dayanır, sifarişlərin çatdırılması gecikir və müəssisənin mənfəəti azalır. Hətta bir gözlənilməz nasazlıq bütöv bir növbənin və ya daha geniş təchizat zəncirinin fəaliyyətini poza bilər.Profilaktik texniki xidmət problemləri istehsalı dayandırmazdan əvvəl aşkar etməklə planlaşdırılmamış dayanma hallarını azaldır. Maşının sıradan çıxmasını gözləmək əvəzinə, aşınan hissələr hələ işlək vəziyyətdə olarkən dəyişdirilir.
Məsələn, qablaşdırma xəttindəki qayış növbə zamanı qırılarsa, ehtiyat hissəsi tapılana və quraşdırılana qədər istehsal dayanır.
Lakin müntəzəm yoxlamalar aparıldıqda qayışdakı aşınma əvvəlcədən aşkarlana və planlaşdırılmış dayanma zamanı dəyişdirilə bilər. Beləliklə, təcili müdaxiləyə ehtiyac və itirilən iş saatları aradan qaldırılır.
Məqalənin ilkin mənbəsində qeyd olunur ki, Ingredion şirkəti erkən xəbərdarlıqlar sayəsində 168 saatlıq dayanmanın qarşısını ala bilib.
2. İş təhlükəsizliyinin artırılması
İstehsalat sənayesi təhlükəli iş sahələrindən biri hesab olunur. ABŞ Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsinin (OSHA) məlumatlarına istinadən, ABŞ-da qeydə alınan iş xəsarətləri və xəstəliklərinin təxminən 17%-i istehsalat sektoru ilə əlaqələndirilir. Gözlənilməz avadanlıq nasazlıqları da bu risklərdən biridir.Aşınmış hissələr, boşalmış elektrik birləşmələri və həddindən artıq qızan komponentlər iş təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər.
Maşınlar gözlənilmədən sıradan çıxdıqda bu, çox vaxt yüksək yüklənmə şəraitində baş verir. Qayışlar qırıla, mühərriklər həddindən artıq qıza və təzyiq sistemlərində partlama baş verə bilər. Bu hadisələr işçilərin xəsarət almasına, yaxınlıqdakı avadanlığın zədələnməsinə və təhlükəsizlik tələblərinin pozulmasına səbəb ola bilər.
Profilaktik texniki xidmət təhlükəli vəziyyətləri qəza baş verməzdən əvvəl müəyyən edib aradan qaldırmaqla iş yerində təhlükəsizliyi artırır.
Düzgün hazırlanmış texniki xidmət planı avadanlığın təhlükəsiz işləməsinə kömək edir. Məsələn, hava kompressorunun planlı yoxlanılması zamanı təzyiq klapanının artıq təzyiqi lazımi qaydada buraxmadığı aşkar edilə bilər. Bu problem vaxtında aradan qaldırılmasa, ciddi təhlükə yarada bilər.
3. Avadanlığın istismar müddətinin uzadılması
Avadanlığın istismar müddəti bir sıra amillərdən, o cümlədən texniki xidmətin nə qədər müntəzəm aparılmasından asılıdır.Məsələn, yaxşı texniki xidmət göstərilən sənaye elektrik mühərriki 20 ilə qədər, sənaye nasosu 15 ilə qədər, konveyer sistemi isə 15 ilə qədər işləyə bilər. Bu müddətlər avadanlığın növündən, iş şəraitindən və istismar qaydalarından asılı olaraq dəyişir.
Avadanlıqlara müntəzəm xidmət göstərildikdə onların texniki vəziyyəti daha yaxşı qorunur və etibarlı işləmə müddəti uzanır. Profilaktik texniki xidmət aşınmanı azaltmaqla və zədələnmənin qarşısını almaqla avadanlığın istismar müddətini artırır.
Hər bir maşının zamanla aşınan komponentləri var. Bunlara podşipniklər, qayışlar, kipkəclər və mühərriklər daxildir. Vaxtında diqqət yetirilməyən kiçik aşınmalar daha ciddi zədələnmələrə səbəb ola bilər.
Yağlama, hissələrin vaxtında dəyişdirilməsi və hizalanmanın yoxlanılması kimi profilaktik tədbirlər bu komponentlərin daha uzun müddət işləməsinə və digər hissələrin qorunmasına kömək edir.
Məsələn, valı düzgün hizalanmamış mühərrizdə problem planlı yoxlama zamanı aşkar edilərsə, onun aradan qaldırılması nisbətən asan ola bilər. Lakin nasazlıq nəzərə alınmazsa, podşipniklər zədələnə, mühərrik həddindən artıq qıza və bütün sistemin istismar müddəti azala bilər.
4. Məhsuldarlığın və səmərəliliyin artırılması
Maşınlar etibarlı işlədikdə işçilər daha sürətli və səmərəli çalışa bilirlər. Profilaktik texniki xidmət vaxt itkisinə səbəb olan darboğazları və son anda görülən təmir işlərini azaltmağa kömək edir.Məsələn, qablaşdırma xətti növbə zamanı dayanarsa, texniki xidmət komandası nasazlığın səbəbini tapmağa çalışarkən istehsalat prosesi boş dayanır.
Lakin müntəzəm profilaktik xidmət proqramı tətbiq edildikdə aşınmış hissələr əvvəlcədən planlaşdırılmış dayanma zamanı dəyişdirilir. Beləliklə, istehsal həcmi qorunur və gözlənilməz fasilələrin qarşısı alınır.
Profilaktik texniki xidmət sayəsində komandalar istehsala daha çox diqqət yetirir, operatorlar iş prosesini fasiləsiz davam etdirir və istehsal planlaşdırıcıları daha sabit nəticələr əldə edə bilirlər.
Mənbədə ICL şirkətinin nümunəsi də göstərilir: texniki xidmət və istehsalat komandaları arasında koordinasiyanın yaxşılaşdırılması nəticəsində şirkət illik iki dayanma dövründən birini ləğv edib və əlavə 10 istehsal günü əldə edib.
5. Xərclərin azaldılması
Profilaktik texniki xidmət təcili təmir ehtiyacını azaltmaqla, avadanlığın istismar müddətini uzatmaqla və əmək resurslarının səmərəsiz istifadəsinin qarşısını almaqla xərcləri azaldır.Təcili təmir işləri adətən daha baha başa gəlir. Təcili sifariş edilən ehtiyat hissələri, əlavə iş saatları və planlaşdırılmamış dayanma nəticəsində yaranan itkilər zaman keçdikcə ümumi xərcləri artırır.
Bundan əlavə, gözlənilməz nasazlıq digər komponentlərin də zədələnməsinə səbəb ola bilər. Məsələn, reduktorun vaxtında yağlanmaması valın, podşipniklərin və hətta mühərrikin zədələnməsinə gətirib çıxara bilər.
Əgər reduktora planlaşdırılmış texniki xidmət göstərilsəydi, problem yalnız az miqdarda yağ və təxminən 30 dəqiqəlik işlə aradan qaldırıla bilərdi.
Profilaktik texniki xidmət müəssisələrə büdcədən daha səmərəli istifadə etməyə imkan verir. Bu, keyfiyyətdən güzəştə getmədən texniki xidmət xərclərini nəzarətdə saxlamağın effektiv yollarından biridir.
Mənbədə Unilever şirkətinin təcrübəsinə də istinad edilir. Şirkətdə 112 gün ərzində kritik avadanlıqlarda 34 hadisə aşkarlanıb və onların 79%-i funksional nasazlığa çevrilməzdən əvvəl müdaxilə ilə aradan qaldırılıb. Nəticədə 700 000 ABŞ dollarından çox potensial itkinin qarşısı alındığı bildirilir.
6. Enerji istehlakının azaldılması
Yaxşı texniki vəziyyətdə olan avadanlıq eyni işi görmək üçün daha az enerji sərf edir. Komponentlər təmiz, düzgün hizalanmış və problemsiz işlədikdə maşınların daha az güc sərf etməsi mümkün olur.Sürtünmə, hizalanma problemləri və aşınmış hissələr avadanlığın enerji tələbatını artırır. Məsələn, podşipnikləri nasaz olan mühərrik eyni məhsuldarlığı qorumaq üçün daha çox cərəyan çəkə və daha yüksək temperaturda işləyə bilər. Zamanla bu səmərəsizlik əlavə xərclər yaradır.
Profilaktik texniki xidmət belə problemləri erkən mərhələdə aşkar edib aradan qaldırmağa kömək edir. Filtrlərin təmizlənməsi, qayışların dəyişdirilməsi və ötürücü mexanizmlərin tənzimlənməsi kimi sadə tədbirlər enerji səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Enerji istehlakının azalması yalnız elektrik xərclərinə qənaət demək deyil. Bu, ətraf mühitə təsiri azaldır və müəssisələrə məhsuldarlıqdan güzəştə getmədən dayanıqlılıq məqsədlərinə çatmağa kömək edir.
Nəticə
Profilaktik texniki xidmət sənaye müəssisələrinə avadanlığın dayanma müddətini azaltmaq, iş təhlükəsizliyini artırmaq, istismar müddətini uzatmaq, məhsuldarlığı yüksəltmək, xərcləri azaltmaq və enerji səmərəliliyini yaxşılaşdırmaq imkanı verir.Düzgün planlaşdırılmış texniki xidmət strategiyası müəssisələrə gözlənilməz nasazlıqlara reaksiya vermək əvəzinə, problemləri əvvəlcədən müəyyən etməyə və istehsal proseslərinin fasiləsizliyini qorumağa kömək edir.